Keçid linkləri

2025, 28 İyul, Bazar ertəsi, Bakı vaxtı 15:58

Dünya xəbərləri

Gürcüstan Yerevanla Bakı arasında vasitəçiliyə hazırdır

İlya Darçiaşvili
İlya Darçiaşvili

"Tbilisi yenidən Yerevan və Bakı arasında vasitəçi rolunu öz üzərinə götürməyə hazırdır". Bunu Gürcüstanın Xarici İşlər naziri İlya Darçiaşvili bu gün, iyunun 16-da parlamentdə çıxışı zamanı deyib.

"Sülhsevər Qonşuluq Təşəbbüsünün bir hissəsi kimi, Gürcüstan iki qonşu ölkə arasında konstruktiv dialoqa başlamaq üçün əvvəllər addımlar atıb. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirməyə hazır olduğumuzu bildiririk", – Darçiaşvili vurğulayıb.

O, əlavə belə bir inamını ifadə edib: "Gürcüstanın regionda sülh və sabitliyin təmin edilməsi istiqamətində səyləri səmərəli olacaq və biz bu işə mühüm töhfə verməyə hazırıq".

2020-ci ildə 44 günlük müharibədən sonra Gürcüstan Yerevanla Bakı arasında dialoqa başlamaq üçün iki cəhd edib. 2021-ci ildə Azərbaycanda saxlanılan 15 Ermənistan hərbi qulluqçusu işğaldan azad olunan ərazilərlə bağlı minalanmış xəritələr əvəzində Tbilisinin vasitəçiliyi ilə azad edilib. Ötən ilin iyulunda Tbilisidə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü də keçirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

İki ölkə arasında sülh danışıqları indi, əsasən, Rusiya və Avropa İttıfaqının vasitəçilikləri ilə aparılır.

Bütün xəbərləri izləyin

Neytral statusa malik Avstriya NATO-ya üzvlüyü düşünür

Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinqer
Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinqer

"Bir şey aydındır: neytrallıq özlüyündə bizi qorumur"

Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinqer Almaniyanın "Die Welt" nəşrinə müsahibəsində Rusiyanın aqressivləşən siyasəti fonunda ölkəsinin NATO-ya mümkün qəbulu ilə bağlı müzakirələri "faydalı" adlandırıb.

Eyni zamanda nazir etiraf edib ki, avstriyalıların əksəriyyəti hazırda Avstriyanın Şimali Atlantika Alyansına qoşulmasının əleyhinədir.

"Bir şey aydındır: neytrallıq özlüyündə bizi qorumur. Getdikcə daha qeyri-sabit beynəlxalq vəziyyət və daha da aqressivləşən Rusiya şəraitində Avstriyanı gerçəkdən qoruyan ölkənin müdafiə qabiliyyətinə və tərəfdaşlıqlara yatırılan investisiyalardır. Mən ümumilikdə təhlükəsizlik və müdafiə sahəsində Avstriyanın gələcəyi ilə bağlı ictimai müzakirənin başlanmasına açığam. Hazırda parlamentdə və əhali arasında NATO-ya üzvlüyə dəstək çoxluğu olmasa da, belə bir müzakirə çox faydalı ola bilər", - deyə nazir bildirib.

"Biz kresloda arxaya söykənib oturaraq deyə bilmərik: biz heç kimə toxunmuruqsa, heç kim də bizə toxunamayacaq, narahat etməyəcək. Bu, sadəlövhlük olardı... Biz Avropanın ümumi təhlükəsizlik və müdafiə siyasətini dəstəkləmək üçün mümkün olan hər şeyi edirik - maliyyə, hərbi və siyasi. 1995-ci ildə Avropa İttifaqına daxil olduqdan sonra Avstriyanın neytrallığı əhəmiyyətli dərəcədə dəyişib", - Avstriya XİN rəhbəri əlavə edib.

Avstriya 1955-ci ildə müttəfiq qoşunlarının çıxarılmasından sonra öz neytrallığını elan edib. Dövlətin neytral statusu ölkə konstitusiyasında təsbit olunub. Eyni zamanda, Avstriya Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində NATO ilə əməkdaşlıq edir.

Tramp Aİ ilə ticarət razılaşmasının əldə olunduğunu bildirib

Donald Tramp Ursula Fon der Lyayenlə görüşdə
Donald Tramp Ursula Fon der Lyayenlə görüşdə

ABŞ prezidenti Donald Tramp Şotlandiyada Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenlə danışıqlardan sonra ABŞ və Avropa İttifaqı arasında ticarət razılaşmasının əldə olunduğunu bildirib.

Trampın sözlərinə görə, ABŞ-yə Avropa İttifaqından (Aİ) idxal olunan mallara tətbiq olunacaq rüsumlar onun əvvəlcə bəyan etdiyi kimi 30% deyil, 15% olacaq. ABŞ prezidenti əldə olunan razılaşmanı "özünəməxsus bir tərəfdaşlıq" adlandırıb.

ABŞ prezidentinin sözlərinə görə, bu "özünəməxsus tərəfdaşlıq" çərçivəsində Avropa İttifaqı ABŞ-dən 750 milyard dollar dəyərində enerji resursları almağa, ABŞ iqtisadiyyatına daha 600 milyard dollar investisiya qoymağa, həmçinin ABŞ-dən "külli miqdarda" silah almağa razılıq verib.

Trampın ticarət sazişləri üçün verdiyi müddət avqustun 1-də başa çatır, bundan sonra Vaşinqtonla razılığa gələ bilməyən ölkələr və ya birliklərə qarşı yüksək ticarət rüsumları tətbiq olunacaq.

Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Trampla görüş üçün onun Şotlandiyanın cənub-qərbindəki Törnberri qolf klubuna gəlib. Görüşdən əvvəl onlar jurnalistlərə razılığa gəlməyə ümid etdiklərini bildiriblər. Eyni zamanda, Tramp daha əvvəl belə razılaşma ehtimalını "50-yə 50" qiymətləndirmişdi. Ursula Fon der Lyayen də görüşün əvvəlində eyni qiymətləndirməni verərək bildirib ki, razılaşma əldə olunacağı halda bu, ABŞ və Aİ arasında indiyədək bağlanmış "ən mühüm saziş" olacaq.

Dünya üzrə mal və xidmətlər ticarətinin təxminən üçdə biri ABŞ və Avropa İttifaqının payına düşür. Aİ-nin ABŞ-yə ixracı ABŞ-dən Avropaya ixracdan xeyli çoxdur (ötən ilin statistikasına görə, 370 milyard dollar ixraca qarşı 606 milyard dollar idxal) və Tramp bu ticarət balanssızlığını ciddi problem hesab edir. O, əgər razılaşma əldə olunmasa, avqustun 1-dən Avropa mallarına 30%-lik tarif tətbiq edəcəyi ilə hədələyirdi.

Aİ əvvəlcə ABŞ-nin rüsumlarına cavab tədbirləri hazırlamışdı. Bu tədbirlər Tramp administrasiyasının apreldə əksər ölkələrə qarşı yüksək rüsum qərarını donduraraq onlarla danışıqlara başlamaq qərarından sonra dayandırıldı. ABŞ indiyədək yalnız bir neçə ölkə ilə ticarət razılaşması əldə edə bilib.

Çoxdan görünməyən Putin Sankt-Peterburqa gedib

Putin Sankt-Peterburqda
Putin Sankt-Peterburqda

2017-ci ildən bəri Neva çayında keçirilən Böyük Hərbi-Dəniz Paradı ilk dəfə bu il "ümumi vəziyyət və təhlükəsizlik səbəbi"ndən ləğv olunub. Amma Rusiya prezidenti Vladimir Putin iyulun 27-də Sankt-Peterburqa gedib.

Leninqrad vilayəti bazar günü səhər saatlarında Ukrayna dronlarının hücumuna məruz qalıb. Paradın ləğv ediləcəyi isə daha əvvəldən elan olunmuşdu.

"Agentstvo" yazır ki, Putin Saray meydanında kortejini dayandıraraq ictimaiyyətlə görüşüb.

Putin nadir hallarda küçədə ictimaiyyətin qarşısına çıxır, lakin son illərdə o, bunu hakimiyyətinə təhdid kimi qiymətləndirilən hadisələrdən sonra edib. Məsələn, 2023-cü ilin iyununda Yevgeni Priqojinin qiyamından və müxalifət lideri Aleksey Navalninin dəfnindən sonra. "Agentstvo"nun yazdığına görə, bu dəfə Putin Rusiyanın mərkəzini hədəf alan dron hücumlarının artması fonunda ictimaiyyətin qarşısına çıxıb. Həmin hücumlar ciddi dağıntılara və ya tələfata səbəb olmasa da, təyyarə və qatarların hərəkət cədvəlində pozuntular yaranır. Xüsusilə, iyulun 27-dəki dron hücumları Sankt-Peterburqdakı Pulkovo hava limanında 100-dən çox reysin gecikməsinə səbəb olub.

Kremlin mətbuat xidməti və TASS dövlət agentliyinin yayımladığı kadrlarda görünür ki, Putin meydanda Sovet İttifaqının Hərbi-Dəniz Donanması bayrağını tutmuş dənizçi formasında olan bir kişi ilə söhbət edib. Həmin şəxs prezidentdən "faşistlərlə mübarizə aparmağı" xahiş edib və artıq "sakitcə ölə biləcəyini" deyib. Digər kadrlarda isə görüş iştirakçıları Putinə təriflər deyir və onun soyadını ucadan səsləndirirlər.

Putin Dvorçovaya meydanında ictimaiyyətlə görüşməklə yanaşı, paraddakı kimi Neva çayı boyunca katerlə də hərəkət edib və Hərbi Dəniz Qüvvələri Günü münasibətilə dənizçiləri təbrik etdiyi Admiralteystvoya baş çəkib. O, həmçinin Şimal, Sakit okean, Baltik, Qara dəniz donanmalarının və Xəzər flotillasının əməliyyat zonalarında keçirilən "İyul fırtınası" adlı operativ təlimin gedişatını yoxlayıb. Bundan əlavə, Putin Baltik donanmasının gəmilərinin də yerləşdiyi Kronştadta səfər edib, orada "Admiral Qriqoroviç" freqatının göyərtəsinə qalxıb. Dəniz Kollegiyasının sədri və prezidentin köməkçisi Nikolay Patruşev Putinə "Rusiya donanmasına sədaqətə görə" adlı medalı təqdim edib.

2017- 2024-cü illərdə Hərbi Dəniz Donanması Günü münasibətilə Sankt-Peterburqda hərbi-dəniz paradı keçirilirdi. Bu parad Baltik donanmasının hərbi gəmilərinə baxışı əhatə etsə də, iştirak üçün digər donanmalara məxsus, eləcə də xarici ölkələrin hərbi gəmiləri də gəlirdi.

Paradlar Ukraynaya qarşı genişmiqyaslı müharibənin ilk üç ili ərzində də davam edib. Lakin 2024-cü ildə parad əvvəlki illərlə müqayisədə daha qısa olub.

Rusiya işğal müharibəsinə başladıqdan sonra Ukrayna ordusu Qara dənizdə 10-dan çox Rusiya hərbi gəmisini batırmağa və ya sıradan çıxarmağa müvəffəq olub. Onların arasında donanmanın flaqman gəmisi olan "Moskva" kreyseri də var. Ukraynanın hücumları ilə əlaqədar Rusiya gəmilərinin əksəriyyətini işğal olunmuş Krımdan Novorossiyskə köçürüb.

ABŞ dövlət katibi deyir ki, Trampın 'səbri tükənir'

ABŞ prezidenti Donald Trump, dövlət katibi Marko Rubio (sağda) və vitse-prezident Ceyms Deyvid Vens (arxiv fotosu)
ABŞ prezidenti Donald Trump, dövlət katibi Marko Rubio (sağda) və vitse-prezident Ceyms Deyvid Vens (arxiv fotosu)

Rusiyanın Ukrayna ilə münaqişədəki davranışı ABŞ Prezidenti Donald Trampın "səbrini tükədir", Moskvanın müharibəyə son qoya biləcək hər hansı bir addım atmasını gözləməyə "həvəsi də azalır". Bunu ABŞ dövlət katibi Marko Rubio “Fox News”a müsahibəsində bildirib.

Tramp özü də bir neçə dəfə bu fikri dilə gətirib. Dövlət katibi isə deyib ki, ABŞ prezidentinin rusiyalı həmkarı Vladimir Putinlə telefon danışıqları müsbət atmosferdə keçsə də, "heç bir nəticə vermir". Dövlət katibinin sözlərinə görə, Rusiya sadəcə vaxt udur.

"O (Tramp) özünün bu tələyə salınmasına imkan verməyəcək. O, danışıqlar haqqında sonsuz danışıqlar aparmaq niyyətində deyil", – Rubio vurğulayıb və əlavə edib ki, Tramp müharibənin başlanmasına məsul olmasa da, onu bitirmək istəyir.

İyulun 14-də Tramp, Rusiyanı və şəxsən Putini sülh istəmədiklərinə görə sərt tənqid edib. O bildirib ki, Ukraynada sülh sazişi bağlanması üçün 50 gün vaxt verir. Bu müddət sentyabrın 3-də başa çatır. Trampın sözlərinə görə, bu tarixdən sonra o, Rusiyanın özünə və ondan enerjidaşıyıcıları alan ölkələrə sanksiyalar, ilk növbədə yüksək gömrük rüsumları şəklində tətbiq etməyə hazırdır.

Rubio “Fox News”a müsahibəsində deyib ki, xüsusən də Rusiyadan neft alan Çin olmadan, Putin “bu müharibəyə tab gətirə bilməzdi”.

Tramp həmçinin ABŞ-ın müttəfiqlərinə Ukrayna üçün silah satmağa hazır olduğunu bəyan edib. Almaniya da daxil bir sıra ölkələr bu sxemdə iştiraka hazır olduqlarını bildiriblər.

Rusiya Trampın bəyanatlarına təmkinli reaksiya verib. Bu açıqlamalardan sonra Moskvanın rəsmi mövqeyində heç bir dəyişiklik olmayıb. Rusiya təmsilçiləri bildirirlər ki, onlar sülhdə maraqlıdırlar, lakin müəyyən şərtlərlə. Kiyev isə bu şərtləri təslimçilik kimi qəbul edir. Söhbət, xüsusilə, Ukraynanın bəzi ərazilərindən imtina etməsindən gedir.

Kadırov Türkiyədə xəstəxanaya yerləşdirilib

Ramzan Kadırov
Ramzan Kadırov

Çeçenistanın rəhbəri Ramzan Kadırov Bodrumdakı beşulduzlu oteldə istirahət zamanı xəstəxanaya yerləşdirilib. Bu barədə Türkiyə mediası məlumat yayıb.

Hadisə iyulun 24-də günorta saatlarında baş verib. "Haberler" xəbər portalının məlumatına görə, Kadırov dənizdə olarkən qəfil boğulmağa başlayıb. Onu sahil mühafizə xidmətinin əməkdaşları xilas edib və dərhal təcili tibbi yardım çağırıblar. Həkimlər ilkin tibbi yardım göstərdikdən sonra Kadırov təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

"Milliyet" onun özəl xəstəxanaya aparıldığını, səhhətinin artıq yaxşılaşdığını və heç bir həyati təhlükəsinin olmadığını bildirib.

2024-cü ilin aprelində "Novaya qazeta. Avropa" R.Kadırovun ağır xəstəliyi və onun mümkün varisi barədə yazıb. Nəşrin məlumatına görə, Kadırova "pankreonekroz" – "mədəaltı vəzinin nekrozu" diaqnozu qoyulub. Diaqnozun ona hələ 2019-cu ildə qoyulduğu qeyd olunub. O, tez-tez məzuniyyətə çıxır, ictimaiyyət qarşısında görünmür və sonradan özünün sağlam olduğunu sübut etmək üçün videolar paylaşır.

Əliyev Putinə başsağlığı verib

AN-24-ün qəzaya uğradığı yer
AN-24-ün qəzaya uğradığı yer

Azərbaycan prezidenti İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putinə Amur vilayətində baş vermiş təyyarə qəzası ilə bağlı başsağlığı verib.

Rusiyada itən təyyarənin qəzaya uğradığı məlum olub

Rusiyanın Amur vilayətində "An-24" sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 43 sərnişin və altı ekipaj üzvü olmaqla ümumilikdə 49 nəfər olub.

"İlkin məlumatlara görə, hamı ölüb. Hələlik xilasediciləri daşıyan vertolyot qəza olan əraziyə enə bilmir çünki bu, çətin relyefi olan ərazidir, dağ yamacıdır. Hadisə yerində yanğın var", - mənbə TASS-a bildirib.

TASS həmçinin fövqəladə hallar xidmətinə istinadən yazır ki, qəzanın səbəbi, çox güman, zəif görmə şəraitində eniş zamanı ekipajın səhvi olub.

+++

Rusiya İstintaq Komitəsi rəsmi olaraq bəyan edib ki, bu gün səhər saatlarında Amur vilayətində baş vermiş "An-24" təyyarə qəzasında heç kim sağ qalmayıb. Vilayətdə üçgünlük matəm elan olunub.

Qəzaya uğrayan təyyarə təxminən 50 il əvvəl istehsal olunub və onun uçuşa yararlılıq sertifikatı 2036-cı ilə qədər uzadılıbmış. "The Insider" nəşri yanvar ayında "Reuters"in dərc etdiyi xəbəri xatırladıb: həmin məlumatda "Anqara" şirkətinin baş direktoru yeni texnikanın olmaması səbəbiylə 50 illik "An-24" və "An-26" təyyarələrinin istismarının uzadılmasına icazə verilməsini xahiş etmişdi.

Rusiyada göyərtəsində 43 nəfərin olduğu təyyarə ilə əlaqə itib

Rusiyanın Amur vilayətində "An-24" sərnişin təyyarəsi yoxa çıxıb. Bu barədə "İnterfaks" məlumat yayıb. Məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyi və vilayətin qubernatoru Vasili Orlov təsdiqləyib.

"An-24" təyyarəsi Xabarovsk-Blaqoveşensk-Tında marşrutu ilə uçurdu... Onunla əlaqə kəsilib", - fövqəladə hallar xidməti bildirib.

RBC xəbər verir ki, sözügedən təyyarə "Anqara" aviaşirkətinin məxsus olub. "Baza" Teleqram kanalı isə yazır ki, "An-24" eniş etməyə hazırlaşırmış, lakin ilk cəhddə bunu edə bilməyib, ona görə də təyyarə ikinci dəfə eniş üçün uzaqlaşıb, bundan sonra onunla əlaqə kəsilib.

Qubernator bildirib ki, ilkin məlumata görə, təyyarədə 43 sərnişin, həmçinin altı ekipaj üzvü olub.

"An-24"ün axtarışına "Mi-8" helikopteri və 12 nəfərlik qrup göndərilib.

İstanbulda Rusiya-Ukrayna danışıqları yarım saat çəkib

İstanbuldakı Çırağan sarayında Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu.
İstanbuldakı Çırağan sarayında Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu.

Rusiya və Ukrayna arasında tam heyətlə İstanbulda iyulun 23-də keçirilən danışıqlar yarım saat davam edib.

Danışıqların üçüncü raundu ən qısası oldu - ilk iki görüş bir saatdan çox davam etmişdi.

Tərəflər mülki və hərbi şəxslərin mübadiləsi barədə razılığa gəliblər.

Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov bildirib ki, Kiyev prezidentlər Zelenski və Putin arasında avqustun sonuna qədər görüş keçirməyi təklif edib. Onun sözlərinə görə, görüşdə ABŞ və Türkiyə prezidentləri iştirak edə bilər.

Rusiya tərəfi Ukraynaya ölü və yaralıları toplamaq üçün cəbhə xəttində qısamüddətli atəşkəs elan olunmasını təklif edib. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinskinin sözlərinə görə, Ukrayna siyasi, humanitar və hərbi məsələlər üzrə işçi qrupların yaradılmasını müzakirə etməyə razılıq verib.

Əvvəlki danışıqlar zamanı Kiyev və Moskvanın qarşılıqlı təqdim etdiyi atəşkəs memorandumlarına gəlincə, tərəflərin mövqeləri, hələlik, bir-birindən çox uzaqdır, - Medinski bildirib.

+++

Yeni danışıqlar raundu öncəsi Zelenski Ukrayna nümayəndə heyətinin tərkibini genişləndirib, heyətdə 12 yox, 14 nəfər olacaq. Heyətə yenə Rustem Umerov rəhbərlik edəcək. O, artıq müdafiə naziri yox, Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədridir. Rusiya KİV-ləri bildirir ki, Rusiya nümayəndə heyətinin tərkibi dəyişməyib, ona yenə Vladimir Medinski başçılıq edəcək.

Zelenskinin daha öncə dediyinə görə, görüşdə humanitar məsələlər, məsələn, girovların dəyişdirilməsi müzakirə olunmalıdır. Eyni zamanda, Ukrayna nümayəndə heyəti liderlər səviyyəsində görüş məsələsini qaldırmalıdır.

Kreml sözçüsü Dmitri Peskov çərşənbə axşamı bildirib ki, növbəti danışıqlar raundunda hər iki tərəfin münaqişənin tənzimlənməsi üzrə memorandum layihələrinin müzakirəsi planlaşdırılır. Bu memorandumları tərəflər iyunun əvvəlində keçirilən görüşdə təqdim ediblər. Memorandumlarda mövqelər, demək olar ki, üst-üstə düşmür: Ukrayna şərtsiz atəşkəsə razıdır, Rusiya isə bir sıra şərtlər irəli sürür.

Türkiyə 'Eurofighter' qırıcıları almağa yaxındır

 "Eurofighter Typhoon"
"Eurofighter Typhoon"

Türkiyə NATO müttəfiqləri Britaniya və Almaniya ilə razılaşmalar əldə edib. Bu razılaşmalar Ankaranın getdikcə daha da gərginləşən regionda müdafiə qabiliyyətini gücləndirmək məqsədilə almağa çalışdığı onlarla "Eurofighter Typhoon" qırıcısını əldə etməyə imkan verəcək.

Britaniya Ankaraya həmin qırıcıları istismar etməyə imkan verəcək ilkin razılaşmanı imzalayıb, Almaniya da Türkiyəyə 40 təyyarənin çatdırılmasını təsdiqləyib.

"Eurofighter Typhoon"la yanaşı, Ankara Vaşinqtonla da 40 ədəd F-16 təyyarəsinin alınması ilə bağlı danışıqlar aparır.

İsrailin region ölkələrinə – o cümlədən Türkiyənin qonşusu İranla 12 günlük toqquşması və digər qonşusu Suriya ərazisinə son hava hücumları Ankarada narahatlıq yaradıb. Bu da ölkənin potensial təhdidlərə qarşı sürətli silahlanma təşəbbüsünə təkan verib.

Türkiyə 2023-cü ildən bəri 40 ədəd "Eurofighter Typhoon" təyyarəsi almaq üçün danışıqlar aparır. Bu qırıcılar Almaniya, Britaniya, İtaliya və İspaniyanın daxil olduğu konsorsium tərəfindən istehsal olunur. Konsorsiumda "Airbus", "BAE Systems" və "Leonardo" şirkətləri təmsil olunur.

İstanbulda Britaniya müdafiə naziri Con Hili ilə imzalanma mərasimində çıxış edən Türkiyənin müdafiə naziri Yaşar Güler bildirib ki, bu razılaşma Türkiyəni təyyarələr üzrə "tam əhatəli" razılaşmaya bir addım da yaxınlaşdırır və bu, həm NATO-nun, həm də Türkiyənin hava qüvvələrinin imkanlarını gücləndirəcək.

"Ölkəmizin "Eurofighter Typhoon" klubuna qoşulmasına doğru bu müsbət addımı alqışlayır və lazım olan razılaşmaların ən qısa zamanda tamamlanması ilə bağlı ortaq istəyimizi bir daha vurğulamaq istəyirik", –Güler bildirib.

O, jurnalistlərə açıqlamasında deyib ki, 40 təyyarənin alınması planlaşdırılır, lakin müxtəlif variantlar da nəzərdən keçirilir.

Britaniyanın müdafiə naziri də razılaşmanı Türkiyənin "Typhoon" döyüş təyyarələrini alması istiqamətində "böyük addım" kimi xarakterizə edib.

"Türkiyəni "Typhoon"larla təchiz etmək NATO-nun kollektiv müdafiəsini gücləndirəcək və gələcək illər üçün Britaniyada minlərlə ixtisaslı iş yeri təmin etməklə hər iki ölkənin sənaye bazalarını gücləndirəcək", - britaniyalı nazir vurğulayıb.

Əvvəllər bu satışa qarşı çıxan Almaniya hökuməti də, "Spiegel" jurnalının yazdığına görə, Federal Təhlükəsizlik Şurasının müsbət qərarından sonra Türkiyəyə 40 təyyarənin göndərilməsinə yaşıl işıq yandırıb.

Almaniya Müdafiə Nazirliyi məsələ ilə bağlı şərh verməyib.

Rusiyada mövcud olmayan 'Beynəlxalq satanizm hərəkatı' qadağan edilib

Rusiya Ali Məhkəməsi
Rusiya Ali Məhkəməsi

Rusiya Ali Məhkəməsi mövcud olmayan "Beynəlxalq Satanizm Hərəkatı"nı ekstremist təşkilat kimi tanıyıb və onun ölkə ərazisində fəaliyyətini qadağan edib. Bu barədə "SOTAvision" məlumat yayıb.

Rusiya Baş Prokurorluğu və Ədliyyə Nazirliyi belə bir tələblə məhkəməyə müraciət edib. Hakim Oleq Nefedov işə iki gün ərzində baxıb. O, daha əvvəl Rusiyada mövcud olmayan "Beynəlxalq LGBT İctimai Hərəkatı"nın qadağan edilməsi və "Taliban"nın terror təşkilatlarının siyahısından çıxarılması barədə qərarlar verib.

2024-cü ilin iyulunda Rusiya Dövlət Dumasında deputatlar, din xadimləri və dövlət təbliğatçıları satanizmlə mübarizə mövzusunu müzakirə ediblər. Onlar satanistlər kateqoriyasına LGBT üzvlərini, uşaq sahibi olmamağı seçənləri, qadınların abort hüququnu müdafiə edənləri, hətta Çeburaşkanı da daxil ediblər.

2025-ci ilin yanvarında Patriarx Kirill ilk dəfə olaraq "Satanistlərin beynəlxalq hərəkatı"ndan bəhs edib və Rusiyada satanizmin qadağan edilməsi təşəbbüsünü dəstəklədiyini bildirib. "Satanistlərin beynəlxalq hərəkatına daxil olan müxtəlif şeytani təriqətlərin hələ də ölkəmizdə sərbəst şəkildə öz ayinlərini həyata keçirməsi, gəncləri öz sıralarına cəlb etməsi, sosial şəbəkələrdə öz qrup və icmalarını açıq şəkildə qeydiyyata alması qəbuledilməzdir", – Rusiya Pravoslav Kilsəsinin rəhbəri bəyan edib.

Rok musiqiçisi Ozzi Osborn vəfat edib

Ozzi Osborn
Ozzi Osborn

"Black Sabbath" qrupunun həmtəsisçisi və üzvü Ozzi Osborn 76 yaşında vəfat edib. Bu barədə "Sky News" onun ailəsinə istinadən məlumat yayıb.

Onun ölüm səbəbi açıqlanmayıb.

Musiqiçi Parkinson xəstəliyindən əziyyət çəkirdi və onurğa sütununu zədələmişdi, bu da onun yerimə qabiliyyətini itirməsinə səbəb olmuşdu.

Ozzi (Con Maykl) Osborn – "hard-rok" və "heavy-metal" janrlarının öncüllərindən biridir. O, 1948-ci ildə Birminhemdə anadan olub, 15 yaşında məktəbi tərk edib, müxtəlif müvəqqəti işlərlə məşğul olub və mağaza qarətinə görə bir neçə ay həbsdə yatıb.

O, məktəb yoldaşı Qizer Batlerlə birlikdə bir neçə musiqi qrupunda çıxış edib. 1968-ci ildə isə onlar "Black Sabbath" qrupunu yaradıb. Qrup 75 milyondan çox albom satıb.

Osborn "Black Sabbath"dan ayrı olaraq uğurlu solo karyera qurub və televiziya realiti-şou janrının öncüllərindən biri olub. 2002-ci ildə yayımlanan "Ozbornlar ailəsi" adlı realiti-şou MTV kanalının efirində ən populyar proqram adlandırılıb.

İyulun 5-də Birminhemdə Osborn vida konsertini verib və "Villa Park" stadionunda 45 min tamaşaçı qarşısında çıxış edib.

20 ildən sonra ilk dəfə olaraq ona "Black Sabbath" qrupunun orijinal tərkibi (tam heyət) bir araya gəlib.

Silah-sursat üçün Ukraynanın 6 milyard dollara ehtiyacı var

Denis Şmıqal
Denis Şmıqal

Ukraynanın 2025-ci il üçün hərbi satınalmaları təmin etmək məqsədilə əlavə 6 milyard dollara ehtiyacı var. Bunu "Ramşteyn" formatında keçirilən Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında Ukraynanın müdafiə naziri Denis Şmıqal deyib.

50-yə yaxın ölkədən nümayəndənin qatıldığı iclas iyulun 21-də Böyük Britaniya və Almaniyanın sədrliyi ilə onlayn formatda baş tutub.

Şmıqalın sözlərinə görə, əlavə maliyyələşdirmə Ukraynaya döyüş xəttini qorumaq üçün daha çox FPV dronu istehsal etməyə, Rusiyanın "Şahed" tipli zərbə dronlarının hücumlarına qarşı mübarizə aparmaq üçün daha çox interseptorlar almağa və "müharibəni Rusiyaya geri qaytarmaq üçün əlavə zərbə silahları" əldə etməyə imkan verəcək. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski, öz növbəsində, tərəfdaşları hava hücumundan müdafiə sistemləri və onlar üçün sursat, uzaq mənzilli raketlər, artilleriya mərmiləri, elektron döyüş sistemləri, radarlar və pilotsuz uçuş aparatlarının tədarükünü artırmağa çağırıb.

Almaniyanın müdafiə naziri Boris Pistorius açıqlamasında ölkəsinin Ukraynanı Rusiyanın hava hücumlarından qorumaq üçün əlavə "Patriot" hava hücumundan müdafiə sistemlərinin çatdırılmasına töhfə verəcəyini bildirib. DW-nin xəbərinə görə, Pistorius deyib ki, Ukraynaya beş belə sistem lazımdır. Nazirin sözlərinə görə, Berlin bu sistemlərin ən qısa zamanda Kiyevə çatdırılmasına çalışacaq və yaxın günlərdə bununla bağlı tərəfdaşlarla məsləhətləşmələr aparacaq.

Ancaq Pistorius bu sistemlərin çatdırılması ilə bağlı birbaşa vədlər verməyib. Daha əvvəl bildirilmişdi ki, Almaniya və ABŞ iki "Patriot" sisteminin Ukraynaya ötürülməsinə dair razılığa gəlib və texniki səviyyədə müzakirələr aparılır.

"Ramşteyn" formatında keçirilən onlayn iclasda Almaniya və Böyük Britaniyanın birgə layihəsi də elan edilib. Belə ki, bu layihə çərçivəsində Almaniya tərəfindən daha əvvəl verilmiş "Gepard" hava hücumundan müdafiə sistemləri üçün Ukraynaya 220 min mərmi tədarük olunacaq.

Britaniya Rusiya 'kölgə donanması'nın 135 gəmisinə sanksiya qoyub

"Kölgə donanması"
"Kölgə donanması"

Böyük Britaniya iyulun 21-də Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdiyini elan edib. Britaniyanın xarici işlər naziri Devid Lemminin sözlərinə görə, bu sanksiyalar Rusiyanı Ukraynaya qarşı apardığı müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi neft gəlirlərindən məhrum etməyə yönəlib.

Sanksiyalar siyahısına Rusiyanın neft və neft məhsullarını daşımaq üçün istifadə etdiyi "kölgə donanması"na aid 135 neft tankeri daxil edilib. Londonun məlumatına görə, 2024-cü ilin əvvəlindən bəri bu tankerlər 24 milyard dollar dəyərində Rusiya neftini daşıyıb.

Yeni paket çərçivəsində həmçinin Rusiya neftinin daşınmasında iştirak edən iki şirkətə qarşı da sanksiyalar tətbiq edilib. "Litasco Middle East" şirkəti Birləşmiş Ərəb Əmirlikdlərində (BƏƏ) yerləşir və "LUKOIL" neft şirkətinin xarici törəmə şirkəti olduğu iddia olunur. İkinci şirkət "Intershipping Services" də eyni ölkədə yerləşir. Bu şirkətin də Rusiya neftinin Qabon və Komor adalarının bayraqları altında üzən gəmilərlə daşınmasında iştirak etdiyi bildirilir.

Ötən həftə Böyük Britaniya Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) 18 şübhəli zabitinin adını sanksiya siyahısına daxil edib, həmçinin Avropa İttifaqının Rusiya neftinə tətbiq olunan qiymət həddinin azaldılması qərarına qoşulub.

'İlin müəllimi' Ukraynada həlak olub

Rusiya ordusu
Rusiya ordusu

2022-ci ildə "ilin müəllimi" seçilən və Rusiya prezidenti Vladimir Putinlə görüşən Moskva şəhərindəki Marşal Çuykov adına məktəbin "Vətənin təhlükəsizliyinin və müdafiəsinin əsasları" fənninin müəllimi Gennadi Starunov Ukraynada müharibədə ölüb.

G.Starunov "Moskva 2022-ci ilin müəllimi" müsabiqəsinin qalibidir və 2022-ci ilin oktyabrından müharibədə iştirak edirdi. "Meduza"nın məlumatına görə, 2023-cü ilin yanvarında Starunov Belarusda təlimlərdə iştirak edən Rusiyanın səfərbər edilmiş qoşunları arasında olub. Rusiyanın təhsil naziri Sergey Kravtsov Belarusda təlimdəki əsgərlərlə görüşündə Starunova "Gənclik və peşəkarlıq" mükafatı təqdim edib.

2025-ci ilin mayın sonunda Starunov prezident Putinin rəhbərliyi ilə keçirilən "Rusiya imkanlar ölkəsi" adlı qeyri-kommersiya təşkilatının müşahidə şurasının iclasında iştirak edib. Müəllim prezidentə öz hərbi bloqu barədə danışıb, həmçinin "xüsusi hərbi əməliyyat"ın (Rusiya Ukraynadakı işğalçı müharibəsini belə adlandırır) iştirakçılarının platformanın müsabiqələrində iştirak edə bilməsi üçün əvvəlcədən hazırlıq mərhələsinin yaradılmasını təklif edib.

Almaniya əks-kəşfiyyatı bildirir ki, Rusiyanın casusluq fəaliyyəti artıb

Almaniya
Almaniya

Almaniya Hərbi Əks-Kəşfiyyat Xidmətinin rəhbəri Martina Rozenberq Rusiya xüsusi xidmət orqanlarının casusluq və diversiya fəaliyyətlərinin artdığını bildirib.

"Biz casusluq və hibrid tədbirlərin kəskin artımından danışırıq. Yanaşma daha kütləvi və aqressiv xarakter alıb", - Rozenberq DPA agentliyinə verdiyi müsahibədə deyib.

Rozenberqin sözlərinə görə, Rusiya xüsusi xidmətləri "öz alətlər dəstini genişləndirir". Onlar xüsusilə hərbi obyektlər və hərbçilər üçün təlim mərkəzləri barədə məlumat toplamaq məqsədilə pilotsuz uçuş aparatlarından istifadə edir. Almaniya xüsusi xidmət orqanları bu cəhdləri Bavariyada yerləşən Qrafenver hərbi bazasında və Vildfleken poliqonunda, eləcə də Reynland-Pfalts əyalətindəki İdar-Oberştayn bazasında müşahidə edib.

Rozenberq deyib ki, Rusiya agentləri Almaniyaya üçüncü ölkələr vasitəsilə daxil olmağa davam edir. "Onlar münasibətlər qurmağa və etimad üçün zəmin yaratmağa çalışırlar. Risk ondan ibarətdir ki, hədəf ola biləcək şəxslər arasında rus kökləri olanlar, etnik alman repatriantlar və ya Rusiya ilə əlaqəsi olanlar da var", - o bildirib.

2025-ci ilin martında məlum olub ki, Xristian-Demokrat İttifaqının Bundestaqdakı deputatı Kristian Xirte 2023-cü ildə FSB ilə əlaqəsi olan rusiyalı Konstantin Xrapovu işə götürüb. Bundan əvvəl isə Rusiya xüsusi xidmət orqanlarının "Almaniya üçün Alternativ" partiyasından deputatın keçmiş köməkçisi Vladimir Serqiyenkonu ələ aldığı barədə məlumat yayılmışdı. 2024-cü ildə o, Almaniya vətəndaşlığından məhrum edilib.

Konqolu diplomatın Bolqarıstanda avtomobilindən 206 kq kokain tapılıb

Kokain (Foto arxiv)
Kokain (Foto arxiv)

Bolqarıstan polisi Türkiyədən Bolqarıstana keçməyə çalışan konqolu diplomatın avtomobilində təxminən 206 kiloqram kokain aşkar edib. Bu barədə Bolqarıstanın BTA xəbər agentliyi məlumat yayıb.

Avtomobildəki kokain gömrük baxışı zamanı aşkar edilib. O, 179 bağlamaya yığılıb və diplomatın şəxsi əşyaları arasında beş çamadanda gizlədilib. Yükün ümumi dəyəri 22.4 milyon dollar qiymətləndirilir.

Saxlanılan diplomat Belçikada akkreditə olunduğu üçün Bolqarıstan ərazisində diplomatik toxunulmazlıqdan istifadə edə bilməyib.

Avtomobilin sürücüsü olan Bolqarıstan vətəndaşı və Belçika vətəndaşı olan sərnişinin də saxlanıldığı bildirilir.

Narkotik qaçaqmalçılığında təqsirli bilinərsə, onları 20 ilə qədər həbs gözləyir.

Davamı

XS
SM
MD
LG