Keçid linkləri

2025, 27 İyul, bazar, Bakı vaxtı 08:57

Zelenski deyir ki, 'korrupsiya ilə mübarizə qurumlarının müstəqilliyinə zəmanət verən' yeni qanun hazırlanıb


Kiyevdə NABU və SAPO-nun müstəqilliyini məhdudlaşdıran qanuna etirazlar.
Kiyevdə NABU və SAPO-nun müstəqilliyini məhdudlaşdıran qanuna etirazlar.

Ukrayna prezidenti Volodimir Zelenski Milli Antikorrupsiya Bürosunun (NABU) və Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşmış Prokurorluğun (SAPO) fəaliyyəti ilə bağlı yeni qanun layihəsinin mətnini razılaşdırdığını açıqlayıb.

Onun sözlərinə görə, qanun layihəsi "Ukraynada hüquq-mühafizə sisteminin real şəkildə möhkəmləndirilməsini, antikorrupsiya orqanlarının müstəqilliyini, habelə hüquq-mühafizə sisteminin istənilən Rusiya təsiri və müdaxiləsindən etibarlı şəkildə qorunmasına zəmanət verir".

"Ən əsası isə real alətlər, heç bir Rusiya bağlantısının olmaması və NABU ilə SAPO-nun müstəqilliyidir", - Ukrayna prezidenti bildirib.

Sənədin məzmunu, hələlik, açıqlanmayıb. Zelenski deyib ki, qanun layihəsi bu gün Ukrayna Ali Radasına təqdim olunacaq.

Daha əvvəl isə Ali Radanın 48 deputatı "NABU və SAPO-nun müstəqilliyinin bərpası" haqqında qanun layihəsinin qeydiyyatı prosesinə başlayıb. "Sabah səs vermək olar. Turbo rejim deyirsinizsə, elə turbo rejim. Söz sizdədir, cənab prezident", - Ali Radanın söz azadlığı məsələləri üzrə komitə sədri Yaroslav Yurçişin bildirib.

İki gün əvvəl Ukrayna Ali Radası NABU və SAPO-nun səlahiyyətlərini məhdudlaşdıran və mahiyyətcə hər iki qurumu prezidentin təyin etdiyi baş prokurora tabe edən qanunu qəbul edib. Bu, Milli Antikorrupsiya Bürosunda aparılan axtarışlar və detektivlərdən birinin Rusiya xüsusi xidmət orqanlarına işləmək şübhəsi ilə saxlanılmasından sonra baş verib. Qanunun əleyhinə Ukraynada və ukraynalıların yaşadığı dünyanın müxtəlif şəhərlərində etiraz aksiyaları keçirilib. Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen də qanunla bağlı narahatlığını bildirib. Zelenski daha sonra Ali Radaya "cavab olacaq" və "hüquq-mühafizə sistemini gücləndirəcək" qanun layihəsi təqdim edəcəyini, hüquq-mühafizə orqanlarının fəaliyyətinə Rusiyanın təsiri və müdaxiləsi olmayacağını bəyan edib.

Ukraynada antikorrupsiya qurumları ilə bağlı qanuna etirazlar davam edir
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

ISW: Rusiya Ukraynada daxili etirazların mahiyyətini təhrif edir

Rusiya Ukraynadakı daxili etirazları bu ölkənin rəhbərliyini ləkələmək və Kiyevə beynəlxalq dəstəyi zəiflətmək üçün informasiya müharibəsi aləti kimi istifadə edir. Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında qeyd olunub.

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu vurğulayıb ki, Kremlin propaqandaçıları və rəsmiləri etirazların mahiyyətini təhrif edir, bunu müharibə əleyhinə və Zelenskiyə qarşı olan aksiyalar kimi təqdim edirlər. Xüsusilə, Ukrayna hökumətinin korrupsiyaya uğradığı və Qərbin yardımlarının oğurlanmasının gizlədildiyi iddia olunur. Bu ritorika həm Rusiya Dövlət Dumasında, həm də Rusiya mətbuatında eşidilir.

ABŞ-nin Ukraynaya yardımının böyük hissəsinin elə Amerikanın özündə silah-sursat istehsalına, Ukrayna hərbçilərinin hazırlanmasına və kəşfiyyata xərclənməsinə baxmayaraq, Rusiya propaqandası Qərbin yardımının oğurlanması ilə bağlı saxta ittihamlara əsaslanır.

ISW bildirib ki, Rusiya Ukraynada etirazları daxili parçalanma və ukraynalıların münaqişədən yorulması təsəvvürünü yaratmaq üçün istifadə edir. Bu, Kreml strategiyasının bir hissəsidir: müharibəni uzatmaq, Qərbin dəstəyini zəiflətmək və cəbhədə üstünlük əldə etmək.

Hesabatda xəbərdarlıq edilib ki, Kreml Ukrayna ilə müttəfiqləri arasında nifaq salmaq üçün faktları təhrif etməyə davam edəcək.

XS
SM
MD
LG