Kadırov Türkiyədə xəstəxanaya yerləşdirilib

Ramzan Kadırov

Çeçenistanın rəhbəri Ramzan Kadırov Bodrumdakı beşulduzlu oteldə istirahət zamanı xəstəxanaya yerləşdirilib. Bu barədə Türkiyə mediası məlumat yayıb.

Hadisə iyulun 24-də günorta saatlarında baş verib. "Haberler" xəbər portalının məlumatına görə, Kadırov dənizdə olarkən qəfil boğulmağa başlayıb. Onu sahil mühafizə xidmətinin əməkdaşları xilas edib və dərhal təcili tibbi yardım çağırıblar. Həkimlər ilkin tibbi yardım göstərdikdən sonra Kadırov təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

"Milliyet" onun özəl xəstəxanaya aparıldığını, səhhətinin artıq yaxşılaşdığını və heç bir həyati təhlükəsinin olmadığını bildirib.

2024-cü ilin aprelində "Novaya qazeta. Avropa" R.Kadırovun ağır xəstəliyi və onun mümkün varisi barədə yazıb. Nəşrin məlumatına görə, Kadırova "pankreonekroz" – "mədəaltı vəzinin nekrozu" diaqnozu qoyulub. Diaqnozun ona hələ 2019-cu ildə qoyulduğu qeyd olunub. O, tez-tez məzuniyyətə çıxır, ictimaiyyət qarşısında görünmür və sonradan özünün sağlam olduğunu sübut etmək üçün videolar paylaşır.