Azərbaycan prezidenti İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putinə Amur vilayətində baş vermiş təyyarə qəzası ilə bağlı başsağlığı verib.
Rusiyada itən təyyarənin qəzaya uğradığı məlum olub
Rusiyanın Amur vilayətində "An-24" sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 43 sərnişin və altı ekipaj üzvü olmaqla ümumilikdə 49 nəfər olub.
"İlkin məlumatlara görə, hamı ölüb. Hələlik xilasediciləri daşıyan vertolyot qəza olan əraziyə enə bilmir çünki bu, çətin relyefi olan ərazidir, dağ yamacıdır. Hadisə yerində yanğın var", - mənbə TASS-a bildirib.
TASS həmçinin fövqəladə hallar xidmətinə istinadən yazır ki, qəzanın səbəbi, çox güman, zəif görmə şəraitində eniş zamanı ekipajın səhvi olub.
+++
Rusiya İstintaq Komitəsi rəsmi olaraq bəyan edib ki, bu gün səhər saatlarında Amur vilayətində baş vermiş "An-24" təyyarə qəzasında heç kim sağ qalmayıb. Vilayətdə üçgünlük matəm elan olunub.
Qəzaya uğrayan təyyarə təxminən 50 il əvvəl istehsal olunub və onun uçuşa yararlılıq sertifikatı 2036-cı ilə qədər uzadılıbmış. "The Insider" nəşri yanvar ayında "Reuters"in dərc etdiyi xəbəri xatırladıb: həmin məlumatda "Anqara" şirkətinin baş direktoru yeni texnikanın olmaması səbəbiylə 50 illik "An-24" və "An-26" təyyarələrinin istismarının uzadılmasına icazə verilməsini xahiş etmişdi.
Rusiyada göyərtəsində 43 nəfərin olduğu təyyarə ilə əlaqə itib
Rusiyanın Amur vilayətində "An-24" sərnişin təyyarəsi yoxa çıxıb. Bu barədə "İnterfaks" məlumat yayıb. Məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyi və vilayətin qubernatoru Vasili Orlov təsdiqləyib.
"An-24" təyyarəsi Xabarovsk-Blaqoveşensk-Tında marşrutu ilə uçurdu... Onunla əlaqə kəsilib", - fövqəladə hallar xidməti bildirib.
RBC xəbər verir ki, sözügedən təyyarə "Anqara" aviaşirkətinin məxsus olub. "Baza" Teleqram kanalı isə yazır ki, "An-24" eniş etməyə hazırlaşırmış, lakin ilk cəhddə bunu edə bilməyib, ona görə də təyyarə ikinci dəfə eniş üçün uzaqlaşıb, bundan sonra onunla əlaqə kəsilib.
Qubernator bildirib ki, ilkin məlumata görə, təyyarədə 43 sərnişin, həmçinin altı ekipaj üzvü olub.
"An-24"ün axtarışına "Mi-8" helikopteri və 12 nəfərlik qrup göndərilib.